And olsun içində bürclər olan göyə!
And olsun vəd olunan günə!
And olsun şahidlik edənə və şahidlik edilənə! (Təfsirlərdə, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)
O zaman onlar xəndəyin ətrafında oturub,
Möminlərə etdiklərini seyr edirdilər.
Onlardan yalnız qüdrətli və hər cür tərifə layiq olan Allaha iman gətirdikləri üçün intiqam alırdılar.
O Allah ki, göylərin və yerin hökmranlığı Ona məxsusdur. Allah hər şeyə şahiddir.
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
İman gətirib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur!
Həqiqətən, Rəbbinin (kafirləri) yaxalaması çox şiddətlidir.
Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.
O, çox bağışlayandır, çox sevəndir.
Ərşin sahibidir, şanı ucadır.
İstədiyini edəndir.
(Ey Peyğəmbər!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
Firon və Səmudun orduları!
Xeyr! Kafirlər hələ də təkzib edirlər.
Allah isə onları hər tərəfdən əhatə etmişdir.
Xeyr! O, uca bir Qurandır!
Qorunan lövhədədir (lövhi-məhfuzdadır).